REGİONLAR
Naftalan şəhərində tikinti-quruculuq işləri sürətlə davam etdirilir
Naftalan, 26 dekabr, Rauf Hacıyev, AZƏRTAC
Son dövrlərdə inkişafının müasir mərhələsini yaşayan Naftalan şəhərində bərpa və abadlıq işləri geniş vüsət alıb.
Şəhər icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, Naftalanda başlanan yenidənqurma işləri çərçivəsində çoxmənzilli yaşayış binalarının uzun illərdən bəri təmirsiz qalan fasadında və dam örtüyündə əsaslı təmir işləri tam başa çatdırılıb. Şəhərdaxili və binadaxili bütün kommunikasiya sistemləri yenilənib.
Həmçinin Ballıqaya-Goranboy magistral su kəmərindən Naftalan şəhərinə 6,4 kilometr uzunluğunda içməli su xətti çəkilərək istifadəyə verilib. Şəhərin birinci mikrorayonunda yolların kənarına və səkilərə yeni daşlar döşənib, asfalt örtüyü salınıb. Sakinlərin istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün parklar yaradılıb. Bu parklarda istirahət köşkləri, basketbol, tennis və uşaq oyun meydançaları quraşdırılıb. Binaların qarşısında ümumilikdə 500-dən artıq çinar ağacı əkilib.
Hazırda bu qəbildən işlər şəhərin ikinci mikrorayon hissəsində küçələrdə və çoxmənzilli yaşayış binalarının həyətində həyata keçirilir. Burada ilk olaraq 3300 poqonometr uzunluğunda yolda əsaslı təmir işləri görülür. Bu işlər başa çatdıqdan sonra yeni asfalt örtüyünün salınmasına başlanılacaq.