REGİONLAR


Naftalanda 2 və 3 ulduzlu otellərin tikintisinə başlanılacaq

Gəncə, 21 mart, Rauf Hacıyev, AZƏRTAC

Respublikamızın Qərb bölgəsində unikal təbii imkanları ilə beynəlxalq turizm mərkəzinə çevrilən Naftalanda bu sahənin daha da inkişafına nail olmaq üçün şəhərdə 2 və 3 ulduzlu otellərin tikintisinə başlanılacaq.

Bu barədə AZƏRTAC-a Naftalan şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Şəhər icra hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev bildirib ki, bu cür otellərin tikintisində əsas məqsəd Naftalandakı kurortların, müalicə-sağlamlıq və istirahət ocaqlarının inkişafını, onların fəaliyyətini qabaqcıl beynəlxalq təcrübə və tələblər əsasında təşkil etmək, həmçinin Naftalan ərazisindəki mövcud təbii müalicə ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə nail olmaqdır.

Ötən il Naftalanın kurort-sanatoriya mərkəzlərində istirahət edənlərin sayının 25 minə çatdığını deyən Ülfət Əliyev bildirib ki, bu statistika müstəqillik illərində qeydə alınan ən yüksək göstərici olsa da 1982-1987-ci illərdə şəhərə gələn turistlərin sayı ilə müqayisədə 45 min azdır.

“Aparılan təbliğat işləri nəticəsində Naftalanın şöhrəti ildən ilə yüksəlir. Ötən il Naftalan otelləri Polşada keçirilən beynəlxalq sərgidə iştirak ediblər. Rusiya və Türkiyə mətbuatında möcüzəvi Naftalan nefti və onun müalicəvi əhəmiyyətindən bəhs edən geniş materiallar dərc edilib. Yaponiya televiziyası Naftalan nefti haqqında süjet hazırlayıb. Lakin bütün dövrlərdə olduğu kimi bu dəfə də Naftalanın şöhrətini hər tərəfə yayan şəhərə xəstə gəlib, sağlam qayıdan turistlər olub”, - deyə Ülfət Əliyev qeyd edib.

O bildirib ki, hazırda Naftalanda fəaliyyət göstərən istirahət və sağlamlıq mərkəzləri əsasən 5 ulduzlu otellərdir. Lakin şəhərdə əhalinin bütün sosial qruplarından olan insanların istirahət və müalicəsini təmin etmək üçün Naftalanda 2 və 3 ulduzlu otellər də tikiləcək. Artıq bir neçə sahibkarın layihələri ilə birgə Naftalan şəhər İcra Hakimiyyətinə və müvafiq qurumlara müraciət etdiklərini deyən icra nümayəndəsi qeyd edib ki, yaxın vaxtlarda şəhərdə ayrılmış ərazilərdə yeni layihə əsasında otellərin tikintisinə başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.