REGİONLAR
Naftalanda insan hüquqları və multikultural dəyərlər mövzusunda tədbir keçirilib
Naftalan, 26 may, Rauf Hacıyev, AZƏRTAC
Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən Naftalanda QHT və dini icma nümayəndələrinin, bələdiyyə üzvlərinin, ictimaiyyət fəallarının, həmçinin gənclərin iştirakı ilə müvəkkil tərəfindən elan edilmiş “İnsan hüquqları aylığı” çərçivəsində “İnsan hüquqları və multikultural dəyərlər” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan Naftalan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Afət Mustafayeva multikulturalizmin əhəmiyyətini vurğulayıb, bu mövzuda keçirilən tədbirə görə Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşlarına minnətdarlığını bildirib.
Ombudsmanın Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov qeyd edib ki, Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə hər il iyunun 18-i ölkədə İnsan Hüquqları Günü kimi qeyd olunur. Ənənəvi olaraq mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” keçirilir. Həmçinin 2016-cı ilin ölkədə “Multikulturalizm ili” elan olunması insan hüquqlarının multikulturalizm mövqeyindən təbliğini də vacib edir.
Çıxışlarda insan hüquqlarının mahiyyəti, beynəlxalq və ölkədaxili standartlar barədə ətraflı məlumat verilib. Azərbaycanın tarixən multikultural və insan hüquqlarına hörmətlə yanaşan bir ölkə olması, insanların hər hansı coğrafiyada yaşamağından, irqindən, dilindən, dinindən asılı olmayaraq hər kəsin adət-ənənəsinə, inancına, mədəniyyətinə hörmətlə yanaşmağın multikulturalizmin əsas mahiyyəti olduğu vurğulanıb.