REGİONLAR


Naftalanda Sukanal İdarəsinin yeni inzibati binası istifadəyə verilib

Naftalan, 21 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Yaponiya Hökumətinin İnkişafa Rəsmi Yardım proqramı vasitəsilə “Kiçik şəhərlərdə su təchizatının və kanalizasiya sisteminin təkmilləşdirilməsi” layihəsi çərçivəsində Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması başa çatıb. Eyni zamanda, dekabrın 21-də Naftalan şəhərində Sukanal İdarəsinin inzibati binası istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov, Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi, “Azərsu” ASC-nin sədr müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov, digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək bildirib ki, Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin icrasına 2013-cü ilin əvvəlində başlanılıb. Layihə müvəffəqiyyətlə başa çatıb və Ballıqaya-Goranboy magistral su kəmərindən şəhərə 6,4 kilometr uzunluğunda magistral su xətti çəkilib. 2013-cü ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə Naftalan şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib.

Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi Azərbaycanın kurort şəhəri olan Naftalanın su-kanalizasiya sisteminin yenidən qurulmasını və şəhər əhalisinin daimi içməli su ilə təmin olunmasını yüksək qiymətləndirib.

“Azərsu” ASC-nin sədr müavini, “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirib ki, Naftalan şəhərinin içməli su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi çərçivəsində şəhərdə 36,8 kilometr içməli su şəbəkəsi yaradılıb, 801 sayğac və 126 yanğın hidrantı quraşdırılıb. Eyni zamanda, 1750 metr uzunluqda kanalizasiya kollektoru, 867 kanalizasiya quyusu inşa edilib.

Sonda tədbir iştirakçıları və qonaqlar inzibati binada yaradılan şəraitlə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.