CƏMİYYƏT
Naftalanda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək
Bakı, 15 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, fevralın 21-də Dövlət Komitəsinin sədri Hicran Hüseynova Naftalan şəhərində saat 10:00-da Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Komitə sədri Naftalan, Gəncə, Mingəçevir və Yevlax şəhərlərinin, Göygöl, Goranboy, Xocalı, Kəlbəcər, Samux rayonlarının sakinlərinin qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı müraciətlərini dinləyəcək.
Qəbuldan sonra Naftalan şəhərinin fəal qadınları ilə görüş keçirilməsi planlaşdırılır. Görüşdə qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı və digər mövzular üzrə müzakirələr aparılacaq.