REGİONLAR
Naftalanda dövlət müstəqilliyinin bərpasının 25 illiyi qeyd edilib
Naftalan, 18 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
Naftalan şəhərində 18 Oktyabr - Dövlət Müstəqilliyi günü münasibətilə ümumşəhər tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə şəhərin hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin şəhər ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzində davam edən tədbiri Yeni Azərbaycan Partiyasının Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev açaraq, 18 Oktyabr - Dövlət Müstəqilliyi gününün tarixindən və bu günün ölkəmizə qazandırdığı uğurlardan danışıb.
Tədbirdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov bildirib ki, 1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Sovetində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi xalqımızın tarixi nailiyyətidir.
Vurğulanıb ki, hələ ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanın böyük oğlu Heydər Əliyevin strategiyasına uyğun olaraq respublikamızda həyata keçirilən genişmiqyaslı dövlət proqramları müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlanmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək, gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlayıb. Müstəqilliyimizin ilk illərindəki hərc-mərclik, xalqımızın maraqlarına zidd siyasət, iqtisadi tənəzzül, milli sərvətlərin talan edilməsi dərin siyasi və iqtisadi-sosial böhranla nəticələnib. Lakin 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırıb, separatçılıq meyillərinə son qoyub və Heydər Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxarıb. İyirmi beş illik inkişaf yolumuzun ən parlaq nəticəsi ondan ibarətdir ki, bu gün Azərbaycan, sözün əsl mənasında, tam müstəqil ölkədir.
Tədbirdə dövlət müstəqilliyi ilə bağlı müxtəlif mövzularda məruzələr dinlənilib.