REGİONLAR
Naftalanda iki yeni uşaq bağçasının tikintisi nəzərdə tutulub
Naftalan, 27 fevral, Rauf Hacıyev, AZƏRTAC
Naftalanda iki yeni uşaq bağçasının tikintisi nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov ötən ilin yekunları və 2017-ci ildə qarşıda duran məsələlərin həllinə həsr olunan hesabat yığıncağında məlumat verib.
Şəhər icra hakimiyyətinin başçısı bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Naftalanda təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi, o cümlədən şəhərdə 2 yeni uşaq bağçasının tikintisi planlaşdırılıb.
“Hazırda Naftalanın uşaq bağçaları 280 yerlikdir. Lakin son illərdə şəhər əhalisinin sayının artması, ümumilikdə, 900 körpə üçün nəzərdə tutulan bir neçə tərbiyə müəssisəsi binasının tikintisinə ehtiyac yaradıb”, - deyə o qeyd edib.