REGİONLAR
Naftalanda sahibkarlar üçün kurortların inkişafı ilə bağlı təlim
Bakı, 28 aprel, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə və Qazax nümayəndəliklərinin, Ombudsman Aparatının Gəncə şəhər şöbəsinin birgə təşkilatçılığı ilə Naftalanda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün seminar keçirilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, kurortların inkişaf perspektivləri, biznes ideyanın yaradılması mövzularını əhatə edən seminarda iştirakçıların diqqətinə “Azərbaycan Respublikasında 2009-2018-ci illərdə kurortların inkişafına dair Dövlət Proqramı”, kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu və kurort infrastrukturunun inkişaf etdirilməsi barədə ətraflı məlumatlar çatdırılıb.
Bundan başqa, seminarda İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi barədə məlumat verilib.
Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, suallar cavablandırılıb.