REGİONLAR


Naftalanda şəhid Vaqif Bayramovun xatirəsi anılıb

Naftalan, 24 dekabr, Rauf Hacıyev, AZƏRTAC

Naftalan şəhərində şəhid Vaqif Bayramovun xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəbdə təşkil olunan tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər təhsil şöbəsinin nümayəndələri, şəhidin ailə üzvləri, məktəbin müəllim və şagird kollektivi, həmçinin şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.

Məktəbin direktoru Faiq Rüstəmov çıxış edərək Vaqif Bayramovun şərəfli döyüş yolundan danışıb. Bildirib ki, Talış kəndi ərazisindəki adsız yüksəkliklərin alınması uğrunda gedən döyüşlər zamanı şəhid olan Vaqif Bayramov ölümündən sonra 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə” görə medalı ilə təltif edilib. Vurğulanıb ki, belə tədbirlərin keçirilməsində məqsəd Vətən uğrunda şəhidlik zirvəsinə ucalmış mərd oğul və qızların vətənpərvərliyini, onların nəsillərə örnək olan həyatını təbliğ etməkdir.

Tədbirdə çıxış edənlər Azərbaycan Ordusunun qüdrətindən, gənclərimizin Vətən sevgisindən, əsgərlərimizin döyüşlərdəki şücaətindən fəxrlə bəhs ediblər. Çıxışlarda Silahlı Qüvvələrimizin hərbi qüdrəti, xalqımızın və ordumuzun birliyi sayəsində torpaqlarımızın tezliklə işğaldan azad olunacağına əminlik ifadə edilib.

Anım tədbirində şəhərin tam orta məktəblərinin IX-XI sinif şagirdləri arasında “Şəhidlik zirvəsi” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıb.

Şəhid ailələrinin nümayəndələri çıxış edərək şəhidlərin xatirəsini əziz tutduğuna və onların ailələrinə daim diqqət və qayğı göstərdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə şəhidin həyatı ilə bağlı videoçarx nümayiş etdirilib və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.