REGİONLAR
Naftalanda yeni avtovağzal kompleksi inşa edilir
Naftalan, 28 yanvar, AZƏRTAC
Dövlətimizin başçısının diqqət və qayğısı sayəsində son illər Naftalanda həyata keçirilən nəhəng layihələr nəinki ölkə sakinlərinin, eləcə də xarici turistlərin bu nadir kurort şəhərinə marağını xeyli artırıb. Dincəlmək və müalicə məqsədilə bu məkana gələn turistlərin rahatlığı üçün demək olar ki, burada hər bir şərait yaradılıb.
Naftalan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Arzu Məmmədov AZƏRTAC-a eksklüziv müsahibəsində deyib ki, bu yaxınlarda şəhərdə daha bir obyekt istifadəyə veriləcək. Yeni obyekt yerli və xarici turistlərin rahatlığının təmin olunmasında müsbət rol oynayacaq. Artıq bu məqsədlə əvvəllər istifadəsiz qalmış və qəzalı vəziyyətə düşmüş avtovağzal binası sökülərək yerində onmərtəbəli kompleksin inşasına başlanılıb.
Binanın birinci mərtəbəsi avtovağzal, ikinci və üçüncü mərtəbəsi ticarət obyektləri, qalan yeddi mərtəbəsi isə otel olacaq. Şəhərə yeni görkəm verəcək bina ən müasir şəraiti ilə buraya gələn turistlərin zövqünü oxşayacaqdır.