REGİONLAR
Naftalanda yeni dərs ilinə hazırlıq işləri yekunlaşmaq üzrədir
Naftalan, 8 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Naftalan şəhərində 2016-2017-ci tədris ilinə hazırlıqla əlaqədar görülən işlər yekunlaşmaq üzrədir.
Naftalan şəhər Təhsil Şöbəsindən AZƏRTAC-a bildirilib ki, şəhərdə təhsil sahəsində infrastrukturun yenilənməsi istiqamətində həyata keçirilən işlərə uyğun olaraq şöbənin tabeliyində olan üç ümumtəhsil məktəbində təmir işləri aparılıb.
Eyni zamanda, tədris mühitinin yaxşılaşdırılması və məktəblərin maddi texniki bazasının möhkəmləndirilməsi sahəsində həyata keçirilən işlərə uyğun olaraq məktəblərin sinif otaqları İKT avadanlıqları ilə təmin olunub, yeni fənn kabinetləri və laboratoriyalar yaradılıb.
Müəllimlərin fəaliyyətlərini müasir tələblər səviyyəsində qurması və tədris prosesində yüksək nəticələrə nail olmaq üçün şəhər təhsil şöbəsinin təşkilatçılığı ilə fənn kurikulumlarının tətbiqi üzrə təlim kursları keçirilib.
2016-2017-ci tədris ilində şəhər ümumtəhsil məktəblərinin Azərbaycan bölməsinə 68 adda 4 min 939 dərslik, 37 adda 205 müəllim üçün metodik vəsait, rus bölməsinə isə 47 adda 223 dərslik və 17 adda 17 müəllim üçün metodik vəsait paylanılıb.