CƏMİYYƏT


Nağdsız dövriyyənin artırılması üçün institusional islahatların aparılması ilə bağlı müzakirələr aparılıb

Bakı, 16 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Mərkəzi Bankın nümayəndələri və “MasterCard Worldwide” beynəlxalq kart şirkətinin ekspertləri ilə görüş olub. Görüş əmək və sosial müdafiə sahələrində həyata keçirilən islahat tədbirlərinin nağdsız ödənişlərin genişləndirilməsi prosesində rolunu təhlil etmək və bu sahədə gələcək fəaliyyət istiqamətlərinə dair məlumat və fikir mübadiləsi aparmaq məqsədini daşıyıb.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev nağdsız ödənişlərin müasir dövrdə hər bir ölkənin iqtisadiyyatında şəffaflığın artırılması üçün vacib vasitələrdən olduğunu qeyd edib. Nazir müavini bildirib ki, bu gün dünyanın inkişaf etmiş ölkələrində, xüsusən ABŞ və Avropa Birliyi ölkələrində ödənişlərin nağd formada dövriyyəsinin azaldılaraq, nağdsız ödənişlərlə əvəzlənməsi prosesi sürətlə gedir. İqtisadiyyatda nağdsız ödənişlərin artırılması üçün müxtəlif tənzimləyici vasitələr mövcuddur və bunların sırasında ödənişlərdə plastik kartlardan istifadə praktikasının tətbiqi daha səmərəli və mütərəqqi olması ilə seçilir: “Qeyd edim ki, Azərbaycanda ilk dəfə plastik kartlardan istifadəyə keçid edilən sahələrdən biri də sosial müdafiə sahəsi olub. Ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən ən uğurlu islahat tədbirlərindən biri kimi pensiyaların ödənişində plastik kart sisteminin tətbiqi həyata keçirilib. Hələ 2004-2006-cı illərdə pensiya və müavinətlərin plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsi sisteminin qurulması uğurla başa çatdırılıb. Əhalinin maarifləndirilməsi istiqamətində də lazımi izahat işləri aparılıb və pensiyaların plastik kartlarla ödənişi sferası ildən-ilə genişlənib. Artıq bütün sosial təminat növləri üzrə ödənişlər nağdsız formada həyata keçirilir. Yəni hazırda ölkədə sosial müdafiə sistemi vasitəsilə 1 milyon 319 min nəfər əmək pensiyası, 466,4 min nəfər müxtəlif növ müavinətlər, 130,8 min ailə ünvanlı dövlət sosial yardımı alır ki, istisnasız olaraq onların hər birinə həmin vəsaitlər plastik kartlarla bankomatlar vasitəsilə çatdırılır”.

İ.İsayev son illərdə əmək və sosial müdafiə sahələrində elektron texnologiyaların tətbiqi işlərini, yeni yaradılan elektron sistemləri diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, əmək müqavilələrinin elektron qeydiyyat sistemi əmək hüquqlarının təminatına çevik və səmərəli nəzarət imkanı verməklə, qeyri-leqal əməyə cəlb olunma hallarının qarşısının alınmasında da önəmli rola malikdir: “Ümumilikdə, qeyri-leqal məşğulluq halları işçi hüquqlarının pozulmasına yol açmaqla yanaşı, əməyin ödənilməsinin nağd formada həyata keçirilməsini də şərtləndirir ki, bu da nağdsız ödənişin genişləndirilməsinə mane olur. Belə halların aradan qaldırılması bu gün dövlət əmək siyasətinin əsas hədəflərindəndir. Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il martın 17-də imzaladığı Sərəncamı ilə yaradılan Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının fəaliyyətində də qeyri-rəsmi əmək münasibətlərinin aşkar edilməsi, rəsmiləşdirilməsi və bu sahədə qanun pozuntularına yol vermiş şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi mühüm yer tutur”.

Nazir müavini qabaqcıl dünya praktikası əsasında ölkəmizdə işsizlikdən sığorta sisteminin qurulmasının da qeyri-rəsmi əmək münasibətlərinin rəsmiləşdirilməsində işçilərin stimullaşdırılması baxımından xüsusi rol oynayacağını vurğulayıb: “Yeni hazırlanan “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi hazırda Milli Məclisdə müzakirə mərhələsindədir. Həmin Qanunun qəbul edilməsi işçilərin bu və ya digər şəraitdə iş yerlərini itirdikləri halda onların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasına, maddi təminatına imkan verəcək. Təbii ki, bu da qeyri-rəsmi əmək fəaliyyətində olan işçilərdə işəgötürənlərlə əmək münasibətlərini rəsmiləşdirməyə marağı xeyli artırır. Qeyri-rəsmi əmək münasibətlərinin rəsmiləşdirilməsi isə nəticə etibarilə əməyin ödənişi prosedurunun da plastik kartlar vasitəsilə həyata keçirilməsinə və beləliklə, nağdsız ödənişlərin dövriyyəsinin genişlənməsinə şərait yaradır”

Mərkəzi Bankın nümayəndələri - ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova, Milli ödəniş sisteminin inkişafı və nəzarət şöbəsinin müdiri Ramil Mahmudov ölkədə nağd iqtisadiyyatın azaldılması üçün təmsil etdiyi təşkilatın gördüyü işləri diqqətə çatdırıblar. Bildirilib ki, bu istiqamətdə növbəti addım kimi, “MasterCard Worldwide” beynəlxalq kart şirkəti ilə əməkdaşlıq edilməsi və bu çərçivədə yeni strateji sənədin hazırlanması nəzərdə tutulur. Layihənin əsas komponentləri barədə məlumat verən Mərkəzi Bankın nümayəndələri bu sahədə strateji platformanın hazırlanması üçün aidiyyəti dövlət qurumlarında, habelə biznes strukturları və istehlakçılarla görüşlər keçirilməsinin, sahəvi yanaşmalar əsasında müvafiq təhlillər aparılmasının məqsədəuyğun olduğunu vurğulayıblar.

Görüşdə yüksək nağdlaşmanı şərtləndirən amillərin diaqnostikası, nağd puldan istifadə motivlərinin müəyyənləşdirilməsi və azaldılması, nağdsız dövriyyənin artırılması üçün institusional islahatların aparılması və s. ilə bağlı müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.