İQTİSADİYYAT
Nağdsız hesablaşmalar aparılan əməliyyatların şəffaflığında xüsusi əhəmiyyət daşıyır
Bakı, 11 iyul, AZƏRTAC
Nağdsız hesablaşmalara keçiddə məqsəd nədir, kimlər üçün və hansı hallarda məcburidir? Bu cür hesablaşmalar aparılan əməliyyatların həcmindən asılıdırmı?
Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, bu ilin əvvəlindən qüvvəyə minmiş “Nağdsız hesablaşmalar haqqında” Qanun nağd hesablaşmaların məhdudlaşdırılması üçün hüquqi baza təşkil edir. Qanunun qəbul olunmasında məqsəd Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir.
“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsinə görə, vergiödəyiciləri tərəfindən vergiödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının istehsalçılarından, əlvan və qara metal qırıntılarının, həmçinin utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların və işlənmiş şinlərin qəbulu nağd qaydada satın alına bilər.
Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergiödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti həyata keçirən vergiödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergiödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.
Lakin bu müddəalardan və hədlərdən asılı olmayaraq, aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilməlidir:
- vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati
cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
- “Sığorta fəaliyyəti haqqında” və “İcbari sığorta haqqında” Azərbaycan Respublikası qanunları ilə müəyyən edilmiş ödənişlər;
- dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
- əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əməkhaqları (o cümlədən işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
- stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;
- faizsiz pul vəsaitlərinin (vergiödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
- dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
- təhsil haqlarının ödənilməsi;
- turagentlərə ödəmələr.
Qeyd edək ki, nağd pul hesablaşmaları nəzarət-kassa aparatı (NKA) tətbiq edilməklə aparıldığından obyektini uçota qoymuş vergiödəyicisi NKA-nın qeydiyyata alınması üçün ərazi üzrə vergi orqanına “Nəzarət-kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması) haqqında ərizə” verməlidir. NKA-nın qeydiyyata alınması barədə ərizə vergi orqanına elektron formada təqdim edilə bilər. Elektron formada ərizə həm vergiödəyicisi tərəfindən, həm də müqavilə əsasında vəkil olunmuş Servis Texniki Xidmət Mərkəzi (STXM) tərəfindən göndərilir.
Vergi orqanlarında NKA-lar qeydiyyatdan keçirildikdən sonra hazırlanmış qeydiyyat vərəqəsi 2 iş günü ərzində yalnız vergiödəyicisinin müraciəti əsasında kağız daşıyıcılarından istifadə olunmaqla təqdim edilə bilər. Digər hallarda isə NKA-nın qeydiyyat vərəqəsi proqram təminatı vasitəsilə vergiödəyicisinin elektron qutusuna ötürülür.