İQTİSADİYYAT


Nağdsız hesablaşmaların stimullaşdırılması üçün xüsusi hesabatlılıq sistemi tətbiq olunacaq

Bakı, 30 dekabr, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının iclasında “Nağdsız hesablaşmalar haqqında” Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 dekabr tarixli Fərmanından irəli gələn tapşırıqların icrası mexanizmi müzakirə edilib.

Palatadan AZƏRTAC-a bildiriblər ki, ölkədə mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, ö cümlədən nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq və bank sisteminin inkişafını sürətləndirmək məqsədilə qəbul olunmuş qanundan irəli gələn, Maliyyə Bazarlarına Nəzarət Palatasının üzərinə düşən tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.

Fərmanın icrası məqsədilə sadələşdirilmiş vergiödəyiciləri üzrə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan, əlavə dəyər vergisi (ƏDV) ödəyicilər üzrə isə ümumi məbləği otuz min manatdan çox həyata keçirilmiş bütün mədaxil və məxaric əməliyyatları “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanuna müvafiq olaraq monitorinq rejiminə cəlb ediləcək.

Direktorlar Şurasının qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün bankların və poçt rabitəsinin milli operatorunun Fərmanda nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi barədə məlumatlandırılması təmin ediləcək, o cümlədən onların aidiyyəti əməkdaşlarına yeni hesabatlılıq sistemi barədə treninqlər keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.