MƏDƏNİYYƏT


“Nağıl qəhrəmanlarının festivalı” başlayır

Bakı, 7 iyun, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 9 iyun - Beynəlxalq Dostlar Günü münasibətilə 3 günlük festival keçirəcək.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məhz həmin günlərdə balacalar üçün əsl möcüzə baş verəcək, nağıl qəhrəmanları yürüşə çıxaraq ətrafdakıları festivala dəvət edəcək.

İlk dəfə reallaşacaq yürüş Azərbaycan Dövlət Kukla Teatrından başlayıb Dənizkənarı Milli Park ərazisindən keçməklə “Park Bulvar” Ticarət və Əyləncə Mərkəzində bitəcək.

Festivalın açılışı iyunun 9-da baş tutacaq. Azərbaycan Dövlət Kukla Teatrının daimi sakinləri olan müxtəlif nağıl qəhrəmanları musiqi sədaları altında dostluq çağırışları edəcəklər.

İyunun 11-dək uşaqlar üçün nağıl qəhrəmanlarının iştirakı ilə maraqlı tədbirlər reallaşacaq, tamaşalar, konsert proqramları, müxtəlif yarışmalar keçiriləcək, qaliblərə hədiyyələr təqdim olunacaq.

Rəngarəng festival çərçivəsində Dövlət Kukla Teatrının uğurlu səhnə nümunələrindən olan “Qoğal” tamaşası da nümayiş olunacaq.

İyunun 10-da Dövlət Kukla Teatrı nəzdində “Oyuq” teatr-studiyasının balaca istedadlarının təqdimatında səhnəciklər və rəngarəng konsert proqramı təqdim ediləcək. Festivalın son günü “Oyuq”çular modelyer Könül Vəlibəylinin xüsusi olaraq festival üçün hazırladığı Azərbaycanda yaşayan milli azlıqların geyimlərindən ibarət kolleksiyasını da nümayiş etdirəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.