REGİONLAR
“Nağılları yaşadaq” adlı müsabiqənin qalibləri mükafatlandırılıb
Xırdalan, 12 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
“İslam Həmrəyliyi İli” çərçivəsində Abşeron rayonu Xırdalan şəhər Mədəniyyət Mərkəzində keçirilən “Nağılları yaşadaq” adlı müsabiqədə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Misirin xalq nağılları təqdim olunub.
AZƏRTAC xəbər verir ki, aprelin 21-də start götürən müsabiqədə Abşeron rayonun 38 təhsil ocağının 4-cü və 6-cı sinif şagirdləri iştirak ediblər. Onların arasından seçilən 6 məktəb finala vəsiqə qazanıb.
Tədbirdə məqsəd uşaqları İslam dövlətlərinin mədəniyyəti, adət-ənənəsi, folkloru ilə yaxından tanış etmək, biliklərini artırmaq, Vətənə sevgi, hörmət və ehtiram kimi ülvi hissləri aşılamaq və maarifləndirməkdir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və Abşeron rayon Təhsil Şöbəsinin birgə təşkil etdikləri müsabiqənin iyunun 12-də final mərhələsi keçirilib. Mərkəzin foyesində İslam ölkələrinin nağıllarından ibarət kitab sərgisi nümayiş olunub, əl işləri təqdim edilib.
Xalq rəssamı Arif Hüseynov, yazıçı-tərcüməçi Sevinc Nuruqızı, Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Gənc Tamaşaçılar Teatrının aktyoru Elnur Hüseynov və digərlərinin yer aldığı münsiflər heyəti qaliblərə mükafatları təqdim edib.
Sonda Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova Misir Ali Təhsil Nazirliyinin “Mədəni fəaliyyətin qiymətləndirilməsi”nin xüsusi mükafatı, Abşeron rayon Təhsil Şöbəsinin metodisti Səkinə Abbasova və Respublika Uşaq Kitabxanasının direktor müavini Zahirə Dadaşova isə Misir Ali Təhsil Nazirliyinin medalı ilə təltif olunub.