ELM VƏ TƏHSİL
“Nakşı-cihan-Nahçıvan” bədii tərcümə kitabının təqdimatı olub
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində bölmənin elmi işçisi Elxan Yurdoğlu - Məmmədovun “Nakşı-cihan-Nahçıvan” bədii tərcümə kitabının təqdimatı olub.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev nəşrin əhəmiyyətindən danışıb, onun tariximiz üçün dəyərli töhfə olduğunu söyləyib. Qeyd edilib ki, kitabda toplanan və Türkiyə türkcəsinə tərcümə edilən şeir nümunələri Naxçıvanla birbaşa bağlıdır. Bu da naxçıvanlı şairlərin yaşadıqları məkana bağlılıqlarının və sevgilərinin təzahürü kimi son dərəcə qiymətlidir.
Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayevin “Nakşı-cihan-Nahçıvan” kitabında Naxçıvan tarixinin, mədəniyyətinin Türk dünyasına inteqrasiyası” mövzusunda məruzəsi dinlənilib. Qeyd edilib ki, “Nakşı-cihan-Nahçıvan” kitabı Elxan Yurdoğlunun tərcümə sahəsində ilk işi deyil. Naxçıvanda gedən quruculuğun və təkamülün gələcək nəsillərə çatdırılması baxımından kitabda yer alan əsərlərin Türkiyə türkcəsinə tərcüməsi əhəmiyyətlidir.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin müəllimi, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli və bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işçisi Nərgiz İsmayılova çıxış edərək kitab barədə fikirlərini bölüşüb, nəşri yüksək dəyərləndiriblər.