MƏDƏNİYYƏT
Namibiyada UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası işə başlayıb
Bakı, 30 noyabr, AZƏRTAC
Noyabrın 30-da Namibiya Respublikasının paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası işə başlayıb.
Dekabrın 4-dək davam edəcək sessiyada ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Vasif Eyvazzadə, mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev və beynəlxalq əməkdaşlıq şöbəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi Ramil Abbəkirov təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 10-cu sessiya çərçivəsində UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına və təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilmək üçün təqdim olunan elementlərə baxılacaq, eləcə də bir sıra ölkələrin Qeyri-maddi mədəni irsin qorunmasına dair Konvensiya çərçivəsində fəaliyyətləri haqqında hesabatları, Qeyri-maddi mədəni irs Fondunun 2016-2017-ci illərdə istifadəsinin proqramı, təqdim edilən faylların baxılmasına cavabdeh olan Qiymətləndirmə Komitəsinin 2015-ci il üzrə fəaliyyəti müzakirə ediləcək, Konvensiyanın həyata keçirilməsini tənzimləyən operativ qaydalara yenidən nəzər yetiriləcək, qeyri-hökumət təşkilatlarının akkreditasiyası həyata keçiriləcək, habelə digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
İclas çərçivəsində Azərbaycanla bağlı iki vacib məsələ - “Lahıc misgərlik sənəti” faylının Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilməsi və Konvensiya çərçivəsində ölkəmiz tərəfindən həyata keçirilən beşillik fəaliyyət hesabatı müzakirə olunacaq.