İDMAN
Namiq Abdullayev: Rio Olimpiadasında qazanılan 18 medalın yarısı güləşçilərimizin payına düşür
Bakı, 1 sentyabr, Səxavət Quliyev, AZƏRTAC
Güləşçilərimizin “Rio-2016” Yay Olimpiya Oyunlarındakı çıxışını uğurlu hesab etmək olar. “London-2012”də 7 medal qazanan pəhləvanlarımız Rio-de-Janeyroda 9 medala sahib olublar.
Bu sözləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.
Olimpiya Oyunlarında Avropa və dünya çempionatlarından fərqli olaraq sürprizlərin daha çox yaşandığını vurğulayan Namiq Abdullayev deyib: “Güləşçilərimiz çalışdılar ki, qızıl medala sahib olsunlar. Mariya Stadnikin son saniyələrdə qızıl medalı əldən verməsi bizi çox təəssüfləndirdi. Xetaq Qazyumov da qızıl medala iddialı idi. Amerikalı güclü rəqibi ilə gərgin keçən final qarşılaşmasında məğlub olan Xetaq gümüş medalla kifayətlənməli oldu. Bu, idmandır, qələbə sevinci ilə yanaşı, məğlubiyyət hissi də olur. Buna baxmayaraq, hər iki güləşçimiz ardıcıl üç Olimpiya Oyunlarında mükafatçılar sırasında yer almağı bacardılar. Bu nailiyyət ölkəmizdə güləşin inkişafından xəbər verir”.
Hacı Əliyevin də Olimpiya qızılına iddialı olduğunu diqqətə çatdıran vitse-prezident bildirib ki, Cəbrayıl Həsənovun da böyük potensialı var idi. İnanıram ki, buraxılan səhvlər qarşıdakı yarışlarda, əsəsən də 2020-ci ildə Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarında aradan qaldırılacaq. Onlar hələ cavandırlar və Olimpiya Oyunlarının qızıl medalı uğrunda mübarizə aparmaq iqtidarında olan güləşçilərdir. Azərbaycan xalqı Toğrul Əsgərovdan ikiqat Olimpiya çempionluğu gözləyirdi. Təəssüf ki, onun zədələnməsi buna imkan vermədi. Buna baxmayaraq, Toğrulun qazandığı gümüş medal böyük nəticədir.
“Pəhləvanlarımızın Olimpiya Oyunlarına hazırlığı və bu mötəbər tədbirdə iştirakı üçün Azərbaycan Güləş Federasiyası tərəfindən lazımi şərait yaradılmışdı. Qazanılan nəticədə peşəkar komandanın əməyini xüsusi vurğulamaq istərdim. Federasiyanın prezidenti Fazil Məmmədov, birinci vitse-prezident Namiq Əliyev mütəmadi olaraq güləşçilərimizin hazırlığı ilə maraqlanırdılar. Azərbaycan millisinin Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı 18 medalın 50 faizi güləşçilərimizin payına düşür. Ümid edirəm ki, güləşçilərimiz “Tokio-2020”də daha uğurla çıxış edib bizləri sevindirəcəklər”, - deyə Namiq Abdullayev vurğulayıb.