İDMAN
Namiq Quliyev: Belə mötəbər yarışın ölkəmizdə keçirilməsi sevindirici haldır
Bakı, 11 sentyabr, AZƏRTAC
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının VIII turunda kişilərdən ibarət ikinci Azərbaycan millisi Finlandiya komandasına 3:1 hesabı ilə qalib gəlib.
AZƏRTAC xəbər verir ki, dördüncü lövhədə mübarizə aparan Namiq Quliyev Tommi Luukkoneni məğlub etməklə komandamızın qələbəsində böyük pay sahibi olub.
Jurnalistlərə müsahibəsində Namiq Quliyev əvvəlcə çıxışını dəyərləndirib: “Hesabımda iki qələbə və bir heç-heçə var. Dördüncü lövhədə mübarizə aparmağım komandamızın kapitanı Emil Sutovskinin qərarı idi. Onun fikrincə, sonuncu lövhədə komandaya maksimum dərəcədə fayda verə bilirəm. Təbii ki, sona yaxınlaşdıqca müəyyən qədər yorğunluq da olur. Yeddinci turda venesuelalı Daniel Pullvetlə görüşdə üstünlük mənim tərəfimdə olsa da, sonda heç-heçə ilə kifayətləndim”.
Qrossmeyster qeyd edib ki, olimpiadada ilk “onluğ”a düşmək çətin olacaq: “Sona üç tur qalıb. Hər görüşdə bütün gücümüzü ortaya qoyuruq ki, lazımi nəticə qazanaq. Aydın məsələdir ki, olimpiadada ən güclülər mübarizə aparır və uğur əldə etmək heç də asan deyil. Onu da nəzərə almaq lazımdır ki, ikinci komandamızın heyətinin əsasını gənclər təşkil edir”.
Namiq Quliyev Azərbaycanın nüfuzlu turnirə ev sahibliyi etməsinin sevindirici hal olduğunu söyləyib: “2006-cı ildə Turində keçirilən olimpiadada çıxış etmişəm. Bakıdakı turnir möhtəşəm təşkil olunub. Yarış çox yüksək səviyyədə keçir. Qonaqların təəssüratları zəngindir. Belə bir mötəbər yarışın ölkəmizdə keçirilməsi olduqca sevindirici haldır”.