MƏDƏNİYYƏT
Namiq Tağıyev: Halal turizmlə bağlı beynəlxalq təcrübə tətbiq olunacaq
Bakı, 25 aprel, Ceyhun Alışlı, AZƏRTAC
Aprelin 25-də “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tətbiqi ilə bağlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, seminar Mədəniyyət və Turizm Nazirliyi və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
Seminarı giriş sözü ilə Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru vəzifələrini icra edən Namiq Tağıyev açaraq ölkənin multikultural dəyərlərini özündə ehtiva edən yeni halal turizm modelinin yaradıldığını bildirib.
O, Prezident İlham Əliyevin qeyri-neft sektorunda xüsusi payı olan turizm sənayesinin inkişafına dəstəyini xüsusi vurğulayıb. N. Tağıyev qeyd edib ki, ölkə başçısının uğurlu siyasəti nəticəsində son illərdə əldə olunmuş dayanıqlı sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb, turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, habelə sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində böyük işlər həyata keçirilib.
N.Tağıyev son zamanlar müsəlman ölkələrindən Azərbaycana çoxsaylı turist axınını və cari ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları öncəsi halal turizmlə bağlı beynəlxalq təcrübənin öyrənildiyini söyləyərək “Turizm ekskursiya xidmətləri. Halal idarəetmə sistemi. Mehmanxanalar” standartının tətbiqinin də məhz bu zərurətdən irəli gəldiyini deyib.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Mahir Qəhrəmanov son dövrlərdə ölkəmizdə turizmin inkişafı istiqamətində görülmüş işlərdən danışıb. Vurğulanıb ki, Azərbaycanın müsbət turizm imicinin yaradılması və turizm məkanı kimi tanıdılması istiqamətində aparılan məqsədyönlü tədbirlər ölkəyə gələn turistlərin sayının artımına səbəb olub. Sonra nazirlik rəsmisi ötən illərdə ölkəmizə gələn turistlərlə cari ildə ölkəmizə gələn turistlərin müqayisəsini aparıb.
Azərbaycan Akkreditasiya Mərkəzinin ekspert-auditoru Əkbər Əliyev halal idarəetmənin turizm sektorunda yeni istiqamət olduğunu, beynəlxalq təcrübədə populyarlıq qazandığını deyib. Vurğulanıb ki, artıq bir çox islam ölkələrində turizm və otelçilik sahəsində halal prinsiplər əsasında xidmətlər göstərilir. Təkcə 2016-cı ildə müsəlman turistlər səyahətlər zamanı 140 milyon ABŞ dolları xərcləyib. Bu rəqəmin 2020-ci ilədək 180 milyon ABŞ dollarına qədər artacağı gözlənilir.
Çıxışlarda o da qeyd olunub ki, bir çox ölkələrdə halal turizmlə bağlı standartlar və sertifikatlaşdırma sxemləri qəbul olunub. Artıq bu standartın tələblərinə uyğun sertifikatlaşdırılmış mehmanxana şəbəkələri dünyanın müxtəlif ölkələrində xidmət göstərir. Hətta müsəlman turistlər üçün internet üzərindən halal prinsiplər əsasında fəaliyyət göstərən mehmanxanaların axtarış sistemi də tətbiq edilib.
Daha sonra maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırlıb.