DÜNYA
Nankin hadisələrinin Dünya İrs Siyahısına salınmasına görə Yaponiya UNESCO-nu maliyyələşdirməkdən imtina edə bilər
Tokio, 13 oktyabr, AZƏRTAC
Yaponiya hökuməti 1937-ci ildə Çinin Nankin şəhərindəki qırğınlara aid sənədlərin Dünya İrs Siyahısına salınmasına etiraz əlaməti olaraq, BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatını (UNESCO) maliyyələşdirməkdən imtina edə bilər. Belə bir bəyanatla Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa Tokioda keçirilən mətbuat konfransında çıxış edib.
UNESCO-nun Yaponiya hökuməti tərəfindən maliyyələşdirilməsinin dayandırılmasının mümkünlüyü barədə sualı cavablandıran Y.Suqa deyib: “Biz bu kədərli hadisəyə reaksiyanın bütün variantlarını öyrənirik”.
Həmin təşkilat cari ayın əvvəllərində Çinin təklifinə əsasən, 1937-ci ildə Nankin şəhərində yapon ordusu tərəfindən törədilən qırğınlar barədə sənədləri dünya sənədlər irsinin mühafizəsi proqramı olan “Dünyanın yaddaşı”na daxil edib. Buna cavab olaraq, Yaponiya Xarici İşlər Nazirliyi bəyan edib ki, Pekin tərəfindən təqdim edilən sənədlər tarixi təhrif edir və birtərəfli mühakimələrə əsaslanır. Tokio UNESCO-nun islahatları ilə bağlı addımlar atacağını da bildirib.
Qeyd edək ki, Yaponiya UNESCO-nun maliyyələşdirilməsində ikinci yeri tutur və bu təşkilatın büdcəsinin 10,8 faizi Tokio tərəfindən formalaşdırılır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio