DÜNYA
Naqanoda baş vermiş zəlzələlər Yaponiyanın mərkəzində nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb
Tokio, 24 noyabr, AZƏRTAC
Noyabrın 22-də Naqanoda baş vermiş zəlzələlər Yaponiyanın mərkəzi hissəsində nəqliyyatın hərəkətində ciddi problemlər yaradıb.
NHK televiziya kanalının yaydığı məlumatda bildirilir ki, hazırda zərər çəkmiş avtomobil və dəmir yollarında bərpa işlərinə hazırlıq görülür.
Naqano prefekturasında səkkiz dəqiqə fasilələrlə baş vermiş iki güclü zəlzələ nəticəsində 41 nəfər xəsarət alıb. Onlardan yeddisinin vəziyyəti ağırdır. Yeraltı təkanlar nəticəsində 34 ev tamamilə dağılıb, 25 ev isə güclü və ya qismən zədə alıb. Üç yüzdən çox insan gecəni müvəqqəti təxliyə mərkəzlərində keçirib. Yeddi yüzdən artıq evin su təchizatı sıradan çıxıb.
Torpaq sürüşməsi nəticəsində avtomobil və dəmir yollarında nasazlıqlar yaranıb. Noyabrın 24-də mühəndislər dəymiş ziyanı müəyyənləşdirmək və bərpa işlərinə başlamaq üçün araşdırmalar aparırlar.
Yaponiya Meteorologiya İdarəsinin nümayəndələri afterşokların hələ bir həftə davam edəcəyini bildirir və əhalini ehtiyatlı olmağa çağırırlar. Yağışlar nəticəsində torpaq sürüşmələrinin gözlənildiyi də bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio