REGİONLAR
Nar bayramı Göyçaya ildən-ilə daha çox turist cəlb edir
Göyçay, 5 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Noyabrın 5-də Göyçay rayonunda təşkil olunan XI nar bayramının izləyiciləri arasında ətraf rayonlardan və Bakı şəhərindən yüzlərlə qonaq olub. Nar bayramı ilə əlaqədar müxtəlif turizm şirkətləri Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar təşkil ediblər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olub, bayram tədbirində iştirak ediblər.
Tədbir iştirakçısı, Bakı şəhərinin 132-134 saylı təhsil kompleksinin ibtidai sinif müəllimi Lalə Məmmədova AZƏRTAC-a müsahibəsində deyib ki, nar bayramında iştirak etmək üçün onun rəhbərliyi ilə Göyçaya 20 şagird gəlib. Lalə Məmmədova nar bayramının yüksək səviyyədə təşkil edildiyini və şagirdlərin dünyagörüşünün artması üçün onların rayonlara bu cür ekskursiyalarda iştirakının vacib olduğunu vurğulayaraq deyib: “Şagirdlərimlə birgə nar bayramında iştirak etmək çoxdankı arzum idi. Nəhayət ki, bu bayramda iştirak edə bildik. Burada nar və ondan hazırlanan məhsullar çox dadlı idi. Festivalda nar dənələrindən istifadə olunaraq maraqlı əl işləri nümayiş etdirilir. Bu bayram bizə xoş anlar yaşatdı, gələcəkdə məktəbimizin kollektivi ilə ölkəmizin digər rayonlarında keçirilən məhsul bayramlarında da iştirak edəcəyik”.
Təhsil kompleksinin IV f sinif şagirdi Nuray İsmayılova nar bayramına bacısı və anası ilə gəldiyini deyib. O, bayram tədbirində sinif yoldaşları ilə birgə əylənərək gözəl gün keçirdiyini, nar barədə maraqlı məlumatlar əldə etdiyini, qırmızı və ağ narın, eləcə də bu məhsuldan hazırlanan şirniyyatların dadına baxdıqlarını bildirib. Nuray İsmayılova nar bayramında çəkdirdiyi xatirə şəkillərini Bakıya qayıtdıqdan sonra məktəbli dostlarına göstərəcəyini və xatirələrini onlarla bölüşəcəyini deyib.
Göyçay Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İkram Vəliyev AZƏRTAC-a bildirib ki, həm yerli əhalinin, həm də rayona gələn qonaqların böyük marağına səbəb olan nar bayramı bir daha sübut edir ki, Azərbaycan öz mədəni irsini, adət-ənənələrini qoruyub saxlamaqdadır. Bu bayram həm də Azərbaycanın dünyada təbliği işində böyük əhəmiyyət daşıyır.
İkram Vəliyev qeyd edib ki, xarici ölkələrin Azərbaycandakı səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, ölkəmizə gələn turistlərin bu bayramda iştirakı artıq nar festivalının respublikamızın hüdudlarından kənarda da tanındığını göstərir. Yerli və xarici medianın işıqlandırdığı nar bayramı vasitəsilə Göyçay rayonu ildən-ilə daha çox turistin marağını cəlb edir, xalqımızın qədim narçılıq ənənələrinin təbliğinə xidmət göstərir.