CƏMİYYƏT
Nardaran qəsəbəsində narkomaniyanın sağlamlığa zərərləri ilə bağlı tədbir keçirilib
Bakı, 5 fevral, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun birgə təşkilatçılığı ilə fevralın 5-də Nardaran qəsəbəsindəki 130 nömrəli tam orta məktəbdə “Narkomaniya - əsrin bəlasıdır” mövzusunda tədbir keçirilib.
Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon polis idarəsinin rəisi, Dövlət Komissiyası İşçi Qrupunun, Respublika Narkoloji Mərkəzinin, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun əməkdaşları çıxışlar ediblər. Çıxışlarda Dövlət Proqramının icrası ilə əlaqədar görülən tədbirlər, narkotiklərlə bağlı cinayət hadisələrinin dinamikası və profilaktikası barədə məlumat verilib. Həmçinin bu sahədə maarifləndirmə, izahat və hüquqi təbliğat işlərinin aparılmasının diqqət mərkəzində saxlanıldığı qeyd olunub. Eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insan sağlamlığına ziyanı, törətdiyi sosial bəlalar mövzusunda geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.
Tədbirdə, həmçinin mövzu ilə bağlı sosial videoçarx nümayiş olunub.
Sonda tədbir iştirakçılarına İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Sağlam ailə naminə narkotiklərə yox deyək”, “Sağlam həyat naminə narkotikdən uzaq duraq”, “Narkomaniya sakit ölümdür” adlı bukletlər, yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri paylanılıb.