İQTİSADİYYAT
Nardaran qəsəbəsinin Nəsrulla Əsgərov küçəsi yenidən qurulur VİDEO
Bakı, 16 may, AZƏRTAC
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Nardaran qəsəbəsinin Nəsrulla Əsgərov küçəsinin yenidən qurulması işlərinə başlanılıb.
Yenidənqurma işlərini həyata keçirən “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hazırda kommunikasiya xətlərinin köçürülməsi, yeni yeraltı kommunikasiya xətlərinin çəkilişi, eləcə də küçə boyu maneələrin sökülməsi, paralel olaraq yeni hasarların tikilməsi işləri də aparılır. Söküntüsü aparılan tikililərin sahiblərinə qanunvericilikdə nəzərdə tutulmuş məbləğdə kompensasiyalar ödənilir.
Qeyd olunub ki, qəsəbənin mərkəzindən Nardaran pirinə gedən Nəsrulla Əsgərov küçəsinin yenidən qurulan hissəsinin uzunluğu 850 metr, mövcud eni isə 6 metrdir. Layihə çərçivəsində küçənin eni genişləndirilərək 16 metrə çatdırılacaq.
Küçə 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq, burada hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikiləcək, səkilərin kənarlarına 1500 poqonmetr səki daşı düzüləcək, küçənin 13 min 500 kvadratmetr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək və ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq yeni müasir yol infrastrukturu yaradılacaq.