CƏMİYYƏT


Nardaranda dini radikalizmlə mübarizə ilə bağlı ilk maarifləndirici tədbir keçirilib

Bakı, 14 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabunçu rayonu Nardaran qəsəbəsi “Rəhimə xanım ziyarətgahı” məscidi dini icması tərəfindən “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi çərçivəsində ilk maarifləndirici tədbir keçirilib.

DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlə bağlı ümumi məlumat verən “Rəhimə xanım ziyarətgahı” məscidi dini icmasının sədri, axund Musa Qasımov bu cür tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin əməkdaşı Ceyhun Məmmədov Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülən tədbirlərdən, həmin istiqamətdə din xadimlərinin üzərinə düşən mühüm vəzifələrdən söhbət açıb.

DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov dini radikalizm və ekstremizmin fəsadları, onunla mübarizə metodları ilə bağlı məruzə ilə çıxış edib. Ölkəmizdəki dini müstəvidə sabitlik və əmin-amanlığın dövlətimiz üçün siyasi baxımdan prioritet məsələ olduğunu vurğulayan A.Kazımov cəmiyyətimizin, o cümlədən gənclərin radikal təsirlərdən qorunmasında vətəndaşlarımızın üzərinə böyük məsuliyyətin düşdüyünü bildirib.

Digər çıxış edənlər də mövzu ilə bağlı öz fikirlərini bölüşüb, dini radikalizmin qlobal təhlükə olduğunu qeyd ediblər. Cəmiyyətimizin bu təhlükədən qorunması üçün təhsilə xüsusi önəm verilməsinin vacibliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.