İDMAN
Nardaranda məktəblilər arasında idman təbliğ olunur
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Nazirliyi Stolüstü Tennis Federasiyası ilə birgə Bakı şəhəri, Nardaran qəsəbəsində stolüstü tennis idman növünün kütləviliyi və məktəblilərin stolüstü tennisə cəlb olunması məqsədilə tədbir keçirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 27-də Sabunçu rayonu 130 saylı tam orta məktəbdə təşkil olunmuş tədbirdə Təhsil Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov, Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Fazil Məmmədov, Təhsil Nazirliyinin şöbə müdiri Vasif Məmmədov çıxış edərək, Nardaran məktəblilərinə asudə vaxtlarını səmərəli keçirmək, sağlam həyat tərzi sürmək üçün idmanla, o cümlədən stolüstü tennislə məşğul olmağı tövsiyə ediblər.
Sonra stolüstü tennis üzrə milli yığma komandanın üzvləri Nardaran gəncləri arasında idmana maraq yaratmaq məqsədilə məktəblilərə "master klass" nümayiş etdiriblər.
Federasiya tərəfindən Nardaran məktəblərinə tennis stolları və digər tennis inventarı hədiyyə edilib.
Təhsil Respublika İdman Mərkəzinin I saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Gənclər İdman Məktəbi tərəfindən Nardaran qəsəbəsində 130 və 295 saylı orta ümumtəhsil məktəblərində məşq prosesləri təşkil edilib. Məşqlər Nardarandan olan məşqçilər tərəfindən aparılır.