CƏMİYYƏT
Nardaranda sakinlərin ödənişsiz səyyar tibbi müayinəsi təşkil olunub
Bakı, 24 iyul, AZƏRTAC
Sabunçu rayonunun ayrı-ayrı yaşayış məntəqələrində əhalinin pulsuz tibbi müayinə kampaniyası aparılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Maştağa qəsəbəsindən sonra növbəti belə tədbir Nardaranda keçirilib. Səyyar tibbi müayinə zamanı terapevt, endokrinoloq, kardioloq, oftalmoloq, lor, pediatr və ginekoloq həkimlərin yoxlanışından və ultrasəs müayinəsindən keçən sakinlərin sağlamlıq vəziyyəti öyrənilib.
Rayon icra hakimiyyətinin və “Sağlam Ailə” Tibb Mərkəzinin təşkilatçılığı ilə qəsəbə mədəniyyət evində keçirilən aksiyada iştirak edən sakinlərə qanın ümumi analizi üçün xüsusi kupon verilib. Tibbi müayinə tədbirlərinin digər qəsəbə və kəndlərdə də təşkili nəzərdə tutulub.