CƏMİYYƏT
Nardaranda xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silah aşkarlanaraq götürülüb VİDEO
Bakı, 8 oktyabr, AZƏRTAC
Vətəndaşlarımızın hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuların yığılması məqsədilə daxili işlər orqanları tərəfindən Sabunçu rayonunun Nardaran qəsəbəsində xüsusi əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin rəhbər şəxslərinin Nardaran sakinləri ilə görüşü zamanı evlərdə saxlanılan qanunsuz silah və sursatı könüllü olaraq təhvil verməyi dəfələrlə tələb etmələrinə baxmayaraq, ayrı-ayrı qəsəbə sakinlərində odlu silahın qalması barədə hüquq mühafizə orqanlarına əməliyyat məlumatları daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini İmran Ağarızayevin evində odlu silah-sursat gizlətməsi müəyyən edilib. Keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində İ.Ağarızayevin həyətində basdırdığı “Kalaşnikov” markalı avtomat, 90 patron və 2 ədəd avtomat darağı aşkar edilərək götürülüb.
Digər əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Alim Zəkiyev saxlanılıb. Onun qəsəbə ərazisindəki yeni tikili olan bağ evinin zirzəmisinə baxış zamanı orada saxladığı “Kalaşnikov” markalı odlu silahdan atəş etmək üçün nəzərdə tutulan 34 patron və avtomat darağı aşkar edilərək götürülüb.
Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat könüllü olaraq hüquq mühafizə orqanlarına təhvil verilməlidir.
Əhalinin könüllülük prinsipi əsasında silah-sursatı təhvil verməsi üçün Cinayət Məcəlləsində müvafiq dəyişikliklər edilib. Dəyişikliklərdə könüllü olaraq polisə təqdim edilən silaha görə, vətəndaşın məsuliyyətə cəlb edilməməsi nəzərdə tutulub.