İQTİSADİYYAT
“Nar”ın mobil şəbəkəsi ölkə ərazisinin 93 faizini əhatə edir
Bakı, 30 noyabr, Elvira Məmmədova, AZƏRTAC
“Nar”ın mobil şəbəkəsi ölkə ərazisinin 93 faizini əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakutel-2016” sərgisində “Nar”ın satış departamentinin direktoru Samir Məmmədov bildirib. O qeyd edib ki, genişləndirilmiş şəbəkə sayəsində 4G və 3G texnologiyalarına əsaslanan mobil internet xidməti abunəçilərə hər zaman yüksək sürətli internetdən daha sərfəli və rəqabətədavamlı qiymətlərlə istifadə imkanı yaradır. “Nar” abunəçilərin rahat və kəsintisiz mobil rabitə və internet xidmətlərindən yararlanması məqsədilə yeni baza stansiyalarının ölkə ərazisində quraşdırılması prosesini davam etdirir. İstismara verilmiş 3G və 4G baza stansiyalarımızın sayını artırmağa davam edirik.
Hazırda 618 LTE baza stansiyası vasitəsilə abunəçilərə kəsintisiz və yüksək keyfiyyətli mobil rabitə və internet xidməti göstəririk. Bundan əlavə, “Nar” gücləndirilmiş və genişləndirilmiş LTE şəbəkəsinin istifadəçilərinin sayı dinamik şəkildə artmaqda davam edir. Hazırda “Nar” LTE şəbəkəsindən faydalanmış istifadəçilərin ümumi sayı 50 mindən çoxdur. LTE şəbəkəsini daha da genişləndirmək məqsədilə LTE-A (LTE Advanced) texnologiyasının tətbiqi reallaşdırılıb. LTE-A sayəsində “Nar” operatorunun daha da gücləndirilmiş və genişləndirilmiş şəbəkəsi istifadəçilərə xidmət göstərməyə davam edəcək.