ELM VƏ TƏHSİL
Narkomaniya bəşəriyyəti narahat edən məsələlərdəndir
Bakı, 22 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Təhsil Nazirliyinin təşkilatçılığı ilə narkomaniyanın fəsadları ilə bağlı maarifləndirmə tədbiri keçirilib.
ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev narkotik vasitələrin istifadəsinin qarşısının alınması məqsədilə görülən işlərdən söz açıb. O, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq maarifləndirici tədbirin ilk dəfə ADU-da keçirilməsini yüksək dəyərləndirib.
Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Vasif Quliyev narkomaniyanın bəşəriyyəti narahat edən məsələlərdən biri olduğunu söyləyib. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu məsələnin daha çox aktuallaşdığını diqqətə çatdıran V.Quliyev təmsil etdiyi komissiyanın fəaliyyəti barədə iştirakçıları ətraflı məlumatlandırıb.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktor müavini Bilal Əsədov, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Məmmədli və başqaları narkotik vasitələrin təbiətinə və təsirinə görə təsnifatından söz açıblar.
Çıxışlarda narkotik vasitələrin istifadəsinə qarşı mübarizə ilə bağlı Azərbaycanın BMT-nin üç konvensiyasına qoşulduğu diqqətə çatdırılıb.