REGİONLAR
Narkomaniya bəşəriyyətin faciəsidir
Tərtər, 28 fevral, AZƏRTAC
Tərtər şəhərindəki Gənclər Mərkəzində rayon ictimaiyyətinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin, gənclərin, ağsaqqalların, din xadimlərinin iştirakı ilə “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda ümumrayon tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon polis şöbəsinin rəisi Rauf Məcidov tədbirdə çıxış edərək, narkomaniya, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gələcək nəslin sağlamlığı üçün yaratdığı təhlükədən, onlara qarşı aparılan mübarizə tədbirlərindən geniş bəhs edib. Bildirilib ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran ən ağrılı problemlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqdır.
Qeyd edilib ki, ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı ardıcıl, zəruri tədbirlər görülür. Bu istiqamətdə vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən başlanan, hazırda yeni müstəvidə davam etdirilən barışmaz mübarizə xətti dövlətimizin maraqlarının qorunmasının prioritet istiqamətlərindəndir.
Təəssüf hissi ilə bildirilib ki, narkomaniya ilə mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər yaşanmaqdadır.
Tədbirdə Tərtər rayonunda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərindən bəhs edilərkən bildirilib ki, son 2 ildə narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə nəticəsində 24 fakt aşkarlanıb, qanunsuz dövriyyədən ümumilikdə 11 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Keçirilmiş tədbirlər nəticəsində bu növ cinayətlərə görə 24 nəfər həbs edilib, 11 nəfər isə inzibati məsuliyyətə cəlb olunub.
Tərtər cümə məscidinin axundu Sadiq Cəfərov, gənclər və idman idarəsinin rəisi İsmayıl İsmayılov rayon icra hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri Ramiz Şabanov və başqaları vurğulayıblar ki, narkomaniyaya qarşı bütövlükdə cəmiyyət, dövlət, xüsusən təhsil işçiləri, ağsaqqallar və gənclər birgə mübarizə aparmalı, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqedə olmalıdırlar.