CƏMİYYƏT
Narkomaniya ilə mübarizə mövzusunda növbəti tədbir
Bakı, 25 aprel, Aynur İsmayılova, AZƏRTAC
Aprelin 25-də Abdulla Şaiqin mənzil muzeyində müasir dövrümüzdə bəşəriyyətin bəlası olan narkomaniya ilə mübarizə mövzusunda “İşıqlı gələcəyimizi söndürməyək” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə muzeyin direktoru Ülkər Talıbzadə, “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin sədri Aygün Zamanlı və başqaları çıxış edərək narkomaniya və digər zərərli vərdişlərin insan orqanizminə neqativ təsirləri və yaratdığı sosial problemlər haqqında danışıblar.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd gənclərə əsrin bəlasını tanıtdırmaq, onları narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi mövzusunda maarifləndirməkdir.
Həkim-narkoloq Elçin Haqverdiyev narkotik maddə qəbul edən insanın psixoloji durumunun pisləşdiyini, bir çox orqanlarının zədələndiyini, Hepatit C və QİÇS kimi ölümcül xəstəliklərin məhz narkotik maddənin mütəmadi qəbulu nəticəsində yarandığını bildirib. O, insanların fiziki sağlamlığının, psixoloji durumunun bu bəla ilə mübarizədə əhəmiyyətli rolunu qeyd edib.
Tədbirdə çıxış edənlər son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli güclənməsindən, dövlət orqanlarının bu sahədəki fəallığının xeyli artığını və sosial bəlaya qarşı aparılan mübarizədə mütəmadi olaraq maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıblar.
Sonra tələbələrin sualları cavablandırılıb, zərərli vərdişlərin insan sağlamlığına vurduğu fəsadlardan bəhs edən qısametrajlı film və məlumatlandırıcı slayd-şou nümayiş olunub.