REGİONLAR
Narkomaniya ilə mübarizədə bütün imkanlar səfərbər edilməlidir
Şamaxı, 5 noyabr, AZƏRTAC
Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası işçi qrupunun rəhbər müavini Vasif Quliyev, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllimlər, şagird və tələbələr iştirak ediblər.
Rayon icra hakimiyyəti başçısının müavini Gülnisə Ələkbərova tədbiri açaraq, Şamaxıda yeniyetmə və gənclərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, narkomanlığa qarşı mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması üçün təlimçilərin hazırlanması mühüm əhəmiyyət kəsb edir.
Sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu Asif Kəngərli çıxış edərək vurğulayıblar ki, narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olan şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyulub və bu sahədə bütün imkanlar səfərbər edilməlidir.
Tədbirdə təkliflər müzakirə olunub, suallar cavablandırılıb.
Sonda narkomaniyanın fəsadları ilə bağlı qısametrajlı “Bəla” filmi nümayiş etdirilib, iştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər paylanılıb.