CƏMİYYƏT
Narkomaniya xəstəsi olan qadınlarda hamiləlik və doğuş zamanı tez-tez ağırlaşmalar baş verir
Bakı, 2 may, AZƏRTAC
2014-cü il üçün narkomaniya xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 28 656 nəfər təşkil edir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin direktoru Telman Məmmədhəsənov deyib.
Mərkəzin direktoru qeyd edib ki, ötən ilin rəsmi statistik hesabatında toksikomanların ümumi sayı 152 nəfər olub.
Onun sözlərinə görə, qadınlar kişilərə nisbətən narkomaniya xəstəliyinə daha az düçar olurlar. Rəsmi statistikaya əsasən, Azərbaycanda narkomaniya xəstəliyinə düçar olmuş qadınların sayı kişilərə nisbətən dəfələrlə az olsa da (2013-cü ildə qadınların ümumi sayı 539 nəfər, 2014-cü ildə 554 nəfər), onların sayı ildən-ilə artır. Təəssüflə qeyd etmək lazımdır ki, onların əksəriyyəti narkomaniyanın ən ağır forması olan inyeksion narkotik istifadəçiləridir. Qadınlarda narkotiklərdən psixi və fiziki asılılıq kişilərə nisbətən daha tez formalaşır. Belə ki, onlar bioloji və psixoloji xüsusiyyətləri sayəsində narkotiklərdən istifadəyə kişilərdə olduğundan 10-15 dəfə daha tez qurşanırlar. Buna görə də qadınlarda belə bir xəstəliyin aşkar edilməsinin hər bir halı ciddi həyəcana səbəb olmalıdır. Burada söhbət təkcə qadının özünün xəstəliyindən deyil, həm də onun uşağının həyat və sağlamlığına olan təhlükədən gedir. Narkomaniya xəstəsi olan qadınlarda hamiləlik və doğuş zamanı tez-tez ağırlaşmalar baş verir.
Mərkəzin direktoru, həmçinin narkomaniyaya düçar olmuş insanları normal həyata və cəmiyyətə qaytarmaq məsələsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair üç Dövlət Proqramının təsdiq edildiyini də bildirib.