CƏMİYYƏT
Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir
Bakı, 11 oktyabr, AZƏRTAC
Qaradağ rayonunun Sahil qəsəbəsindəki sağlamlıq imkanları məhdud uşaqlar üçün 9 nömrəli internat məktəbində rayon məktəblilərinin iştirakı ilə “Narkotiklərə qarşı mübarizə sağlam mühit və sağlam gələcəkdir” mövzusunda toplantı keçirilib.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daxili İşlər və Səhiyyə nazirliklərinin əməkdaşları iştirak ediblər.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov çıxış edərək 1996-cı ildə ulu öndər Heydər Əliyev tərəfindən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, bu fərmanda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu sahədə dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilib. Azərbaycan Respublikası, həmçinin müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulub. Prezident İlham Əliyev bu strateji kursu dövlətimizin əsas prioritetlərindən biri kimi davam etdirib, narkomanlıqla mübarizədə müsbət nəticələrin eldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib.
Digər çıxışlarda narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə, bəşəriyyətə vurduğu fəsadlardan söz açılıb. Narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir fərdinin fəallığının zəruriliyi diqqətə çatdırılıb. Narkomanlığın profilaktikası ilə bağlı yeniyetmə və gənclərin iştirakı ilə seminarların, sərgi, aksiya və təşviqat kampaniyalarının keçirilməsinin, sağlam həyat tərzinin təbliğ edilməsinin və bu sahədə maarifləndirmə işinin genişləndirilməsinin vacibliyi qeyd olunub.