DÜNYA


Nasist svastikalarının yeni həyatı

A+ A

Berlin, 13 iyul, AZƏRTAC

Rəngbərəng dovşanlar, quşlar, kəpənəklər və ağcaqanadlar - Berlinin şimal-qərbində yerləşən populyar Şöneberq rayonunda evlərin divarlarında, hasarlarda və parkdakı skamyalarda tez-tez belə məzəli şəkilləri görmək olar. İlk baxışda bütün rəsmlər müxtəlifdir. Amma diqqətlə baxanda, mahiyyətinin oxşar olduğunu görmək olar. Bu küçə rəsmləri “Paint Back” layihəsi çərçivəsində yaradılır. Onun müəllifləri svastikaya və sağ-ekstremist yönümlü digər simvollara qarşı mübarizə aparan Berlin spreyerləridir. Təşəbbüs isə Almaniya paytaxtındakı mədəniyyət mərkəzinin təsisçilərindən birindən - 35 yaşlı rəssam İmo Omaridən gəlib.

Ötən il qonşuları İ.Omariyə danışanda ki, Şöneberqdə binaların divarlarında, hasarlarda və hətta bəzi mənzillərin qapılarında üzərində nasist simvolikası olan təsvirlər gözə dəyməyə başlayıb, o, buna özünəməxsus şəkildə cavab vermək qərarına gəlib. Rəssam art-layihə üçün münasib konsepsiya işləyib hazırlamaq üçün Berlin spreyerlərini, o cümlədən məşhur Poet73 qraffiti ustasını bir araya gətirib.

Aksiya Şöneberqdə start götürüb, amma müəyyən müddətdən sonra Almaniya paytaxtının başqa rayonlarını - sağ radikallar tərəfindən barbarlıq aktlarına məruz qalan yerləri də əhatə edib. Arzu edən hər kəs bu layihəyə qoşula bilər. Doğrudur, həvəskarların yaradıcılığını peşəkar rəssamların nasist simvolikasının üzərində məharətlə yaratdıqları şəkillərlə müqayisə etmək olmaz. Ancaq hətta ən təcrübəsiz bir rəsm svastikadan daha yaxşı görünəcək. Əslində, “Paint Back” layihəsinin mənası boyakarlıq şedevrləri yaratmaq deyildir. Əsas məsələ ksenofobiya, millətçilik, irqçilik kimi hallara dözümsüzlük nümayiş etdirməkdir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.