İQTİSADİYYAT
Natiq Əliyev: “Cənub Qaz Dəhlizi” layihəsi üzrə bütün işlərin təxminən 60-70 faizi icra edilib
Bakı, 24 fevral, Nihad Budaqov, AZƏRTAC
“Cənub Qaz Dəhlizi” layihəsi üzrə bütün işlərin təxminən 60-70 faizi icra edilib. “Cənub Qaz Dəhlizi”nin seqmentlərini təşkil edən – “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri üzrə Azərbaycanda, Gürcüstanda və Türkiyədə bütün işlər qrafiki çox qabaqlamasa da, nəzərdə tutulan proqram üzrə irəliləyir.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
“Hazırda “Şahdəniz-2” layihəsi üzrə işlərin təxminən 90 faizi yerinə yetirilib. Bu, çox böyük rəqəmdir. Çünki Azərbaycan qazının Avropaya çatdırılmasına hələ 2 il var. Artıq yataqda 10 quyu qazılıb və həmin quyular istifadəyə verilməyə tam hazırdırlar. Sadəcə platformanın quraşdırılması işləri və bəzi texniki məsələlər qalıb. BP-şirkətinin operatoru olduğu “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələri üzrə işlər qrafiki çox qabaqlayır. Burada əsas məsələ yataqdan qazın alınmasıdır. Boru kəmərləri hazır ola bilər. Lakin həmin boru kəmərləri ilə nəql olunacaq qaz yoxdursa bu, heç kəsə lazım deyil. Ona görə də bizim əsas diqqətimiz ona yönəlib ki, “Şahdəniz” yatağının tammiqyaslı işlənməsini nəzərdə tutulan vaxtda həyata keçirək”, - deyə nazir əlavə edib.
N.Əliyev qeyd edib ki, “Şahdəniz-2” layihəsi çox mənfəətli bir layihədir: “Biz bu layihənin maliyyə dəyərini hesablayanda dünya bazarında neftin qiyməti çox yüksək idi. Ümumiyyətlə belə layihələrin mənfəətli olub-olmaması ilk növbədə dünya bazarında neftin, eləcə də təbii qazın qiymətindən asılıdır. Belə bir yüksək kapital qoyuluşu olan hər bir layihə təxminən 10 il ərzində xərclənən həmin vəsaitin çıxarılmasına hesablanır. Bundan sonra isə dövlətə böyük miqdarda mənfəət gəlməlidir. Eyni zamanda, hasilatın pay bölgüsü sazişləri elədir ki, mənfəətin yarısı kapital qoyuluşuna, yarısı isə mənfəət kimi dövlət və investorlar arasında bölüşdürülür. Ona görə də, bizim mənfəətimiz elə ilk satışdan olacaq. Lakin bizim əsas mənfəətimiz bütün kapital qoyuluşları tam ödənən vaxtdan sonra artacaq. Bu, isə əsasən dünya bazarında qazın qiymətindən, rəqabətdən, həmçinin də Avropada qaza tələbatdan asılı olacaq”.
Nazir vurğulayıb ki, “Şahdəniz-2” üzrə ümumilikdə isə 26 quyunun qazılması nəzərdə tutulur. Bu quyular qazıldıqdan sonra böyük həcmdə təbii qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə veriləcək. Bolqarıstan ilə Yunanıstan arasında bir birləşmə boru kəməri tikiləcək: “Bizim ildə 1 milyard kubmetr qazı Bolqarıstana vermək üzrə öhdəliyimiz var. Əgər imkan olsa, Bolqarıstandan başqa ölkələrə də - Rumıniya, Macarıstan və Moldovaya əlavə həcmlərimizi çatdıra biləcəyik. Vaxtilə götürdüyümüz öhdəliklər və bağladığımız müqavilələr çərçivəsində Avropa ölkələrinə çatdırılacaq qazdan əlavə həcmlərimiz yaranarsa, biz bu ölkələrə də Azərbaycan təbii qazını verə bilərik. Həmin ölkələr də bu məsələdə maraqlıdırlar. Eyni zamanda, Xorvatiya, Monteneqro, Bosniya və Herseqovina da “Cənub Qaz Dəhlizi” layihəsinə maraq göstərir. Bu, bizim üçün çox önəmlidir”.
Natiq Əliyev bildirib ki, “Şahdəniz-2” və Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi layihələrinə təxminən 23,8 milyard dollar vəsait sərf ediləcək. Həmçinin TANAP-a 8,5 milyard dollar, TAP-a isə 4,5-5 milyard dollar xərclənəcək. Bu, təxminən 40 milyard dollar təşkil edəcək. Əvvəllər isə həmin rəqəm 45 milyard dollar hesablanmışdı. Bu da onu göstərir ki, qeyd edilən layihələrdə müəyyən həcmdə vəsaitə qənaət edilib.