İQTİSADİYYAT


Natiq Əliyev: Rusiya-Azərbaycan-İran enerji dəhlizi layihəsinin icra edilməsi üçün müəyyən vəsait tələb olunur

Bakı, 28 fevral, Nihad Budaqov, AZƏRTAC

Rusiya-Azərbaycan-İran enerji dəhlizi layihəsinin icra edilməsi üçün müəyyən vəsait tələb olunur.

Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

“Bu məsələ bir neçə ildir ki, müzakirə olunur və müvafiq işçi qrupu artıq yaradılıb. Həmin işçi qrupda Energetika Nazirliyi və “Azərenerji” ASC də təmsil olunur. Burada əsas iş üç ölkənin elektrik enerjisi xətlərinin və təsərrüfatının birləşdirilməsidir. Elektrik enerjisinin Rusiyadan Azərbaycana idxal olunması, ölkəmizdən tranziti və İrana ixracı, eyni zamanda, sərhədlərarası mübadiləsi nəzərdə tutulur. Bu çox yaxşı bir təşəbbüsdür və biz onu dəstəkləyirik. Bu məsələ üç ölkənin dövlət başçıları səviyyəsində də müzakirə olunub, müvafiq razılıq əldə edilib”, - deyə N.Əliyev əlavə edib.

Burada əsas məsələnin texniki imkanlar olduğunu deyən nazir bildirib ki, bu gün bəzi işlər görülməlidir: “Azərbaycan Rusiyadan elektrik enerjisinin idxalı üçün vaxtında lazımi işlər, tədbirlər görüb və bu gün də görməkdədir. Lakin böyük həcmdə elektrik enerjisi mübadiləsi üçün Rusiya tərəfində bu işlər hələ ki, görülməyib. Hazırda kiçik həcmdə elektrik enerjisi mübadiləsi aparılır. Bu da əsasən qəza baş verən vaxtlarda və ya hər hansı bir ehtiyac olduğu təqdirdə həyata keçirilir. Yəni belə hallarda Azərbaycan Rusiyadan elektrik enerjisini idxal edir, eyni zamanda isə ixrac edir. Bu həcm ildə eyni olur, yəni nə qədər idxal ediriksə o qədər də ixrac edirik”.

“Azərbaycan ilə İran sərhədində isə yüksəkgərginlikli elektrik xətləri artıq çəkilib. Lakin hazırda İranın elektrik enerjisi üzrə qəbuledici sistemi Azərbaycanın ötürücü sisteminə uyğun gəlmir. Burada böyük işlər görmək lazımdır. Eyni zamanda, Rusiya ilə Azərbaycan sərhədində də müvafiq işlər görülməlidir. Bununla bağlı layihə də var və işçi qrupu səviyyəsində müzakirə edilib. Lakin bu layihənin icra edilməsi üçün müəyyən vəsait tələb olunur. Hesab edirəm ki, iki tərəfdə də razılaşdırılmış işlər görülməlidir”, - deyə nazir qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.