İQTİSADİYYAT
Natiq Əliyev: TAP-a qoşulmaq barədə Rusiya tərəfindən, ya da ki, “Gazprom”dan rəsmi bir təklif almamışıq
Bakı, 25 fevral, Nihad Budaqov, AZƏRTAC
“Trans-Adriatik” (TAP) qaz boru kəməri artıq layihələndirilib və onun ötürücülük qabiliyyəti yalnız Azərbaycan qazına və mənbəyinə hesablanıb. Biz hələ ki, TAP-a qoşulmaq barədə Rusiya tərəfindən, ya da ki, “Gazprom”dan rəsmi bir təklif almamışıq.
Bunu AZƏRTAC-a məxsusi müsahibəsində Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.
Nazir bildirib ki, Rusiyanın Avropa qitəsini təbii qaz ilə təchiz etmək üzrə neçə illərdir ki, öz siyasəti var. Avropanın təbii qazla təmin olunması üçün 4 mənbə var. Əsas mənbə isə həmişə Rusiya olub. Şübhəsiz ki, bu monopoliyanı Rusiya heç vaxt əldən vermək istəmir.
“Rusiya Avropa Komissiyasında “Üçüncü Enerji Paketi”nin qəbul olunana qədər Qara dənizdən keçməklə müxtəlif qaz boru kəməri layihələri icra etməyə hazırlaşırdı. İndi isə Rusiya Türkiyə ilə “Türk axını”nı həyata keçirir və layihə hər iki ölkənin parlamentində ratifikasiya olunub. Yəni, Rusiya hansı yol ilə olursa-olsun öz təbii qazını Avropaya çatdırmaqda çox israrlıdır. İnanmıram ki, Rusiya bu boru kəmərini TAP-a birləşdirmək istəsin. Ona görə ki, TAP artıq layihələndirilib və onun ötürücülük qabiliyyəti yalnız Azərbaycan qazına və mənbəyinə hesablanıb. Boru kəmərinin ötürücülük qabiliyyətini artırmaq üçün külli miqdarda vəsait sərf olunmalıdır. Həmçinin yeni texniki avadanlıqlar ilə kəmərin ötürücülük qabiliyyətini artırmaq, kompressor stansiyaları inşa etmək lazımdır”, - deyə N.Əliyev əlavə edib.
“Rusiya “Türk axını” layihəsi ilə Türkiyə bazarını qazla təmin etməyi nəzərdə tutursa, bu, mümkündür. Lakin Rusiyanın Avropaya çıxması üçün Yunanıstan və Bolqarıstandan keçməklə yeni boru kəmərini tikməsi lazımdır. Ancaq Rusiya böyük həcmdə təbii qaz ilə qitə bazarına çıxmağı nəzərdə tutur. “Gazprom” 63 milyard kubmetrlik layihə hazırlayır. 63 milyard kubmetrin, ilk növbədə, bazarı olmalıdır və onu nəql etmək üçün boru kəməri lazımdır. Hesab etmirəm ki, Yunanıstanda təbii qaza əlavə tələbat olsun. Eləcə də İtaliya və Albaniyada da tələbat bu səviyyədə deyil. Albaniyanın qazlaşma üzrə bazası da hələ ki, yoxdur. Balkan ölkələrində də 63 milyard kubmetrlik qaza tələbat real görünmür. “Türk axını” özü çox böyük layihədir. Ancaq inanmıram ki, bu həcmdə, yəni 63 milyard kubmetr qaz birdən-birə Avropa bazarına daxil olsun”, - deyə nazir bildirib.