SİYASƏT
Natiq Bağırov yeni müddətə Belarusun Azərbaycan İcmaları Konqresinin sədri seçilib
Minsk, 24 fevral, AZƏRTAC
“Belarusun Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin hesabat-seçki konfransı keçirilib.
Tədbirdə son dörd ilə yekun vurulub, yeni iş istiqamətləri müzakirə edilib və növbəti illərin tədbirlər planı müəyyən edilib.
Konfransda təşkilatın idarə heyəti və təftiş komissiyasının yeni tərkibi seçilib, beynəlxalq ictimai birliyin fəaliyyətində iştirak etməyənlər təşkilatın sıralarından xaric edilib.
Hesabat-seçki konfransının əsas məsələlərindən biri “Belarusun Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinə rəhbərin seçilməsi olub.
Konfrans nümayəndələrinin yekdil qərarı ilə Belarusun cüdo və sambo üzrə əməkdar idman ustası, Azərbaycan Respublikasının “Şöhrət” ordeni kavaleri Natiq Bağırov növbəti dəfə təşkilata sədr seçilib.
Tədbirə dəvət edilmiş Azərbaycan səfirliyinin əməkdaşları, Belarusun Ədliyyə Nazirliyinin nümayəndələri, habelə Dini və Milli Məsələlər üzrə Müvəkkil Aparatının əməkdaşları çıxış edərək sədrə uğurlar arzulayıblar.
N.Bağırov ona göstərilən böyük etimada görə həmvətənlərinə təşəkkürünü bildirib. Diqqətə çatdırıb ki, təşkilatın bütün rəhbər heyəti və üzvləri ilə birlikdə millətin birləşməsi, ikitərəfli münasibətlərin möhkəmlənməsi və dərinləşməsi, belarusların, başqa xalqların Azərbaycanın mədəni və tarixi irsi ilə tanış olması məsələlərini həll edəcək, ölkə ictimaiyyətinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri çatdıracaq.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk