REGİONLAR


“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı başa çatıb

Naxçıvan, 11 may, AZƏRTAC

Naxçıvan şəhərində yerləşən Naxçıvan Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı qaliblərinin mükafatlandırma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə festivalın baş hakimi Faiq Həsənov çıxış edərək, şahmatçılara yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığını bildirib.

“C” qrupunda 6 yaş qrupu üzrə qaliblər mükafatlandırılıb. Belə ki, 8, 10 və 12 yaşlı oğlanların mübarizəsində müvafiq olaraq Atilla İbayev (Bakı), Yusif Abbasov (Quba) və Seyid Hüseyn (Ordubad), qızların mübarizəsində isə Zarifa Abbasova (8 yaş), Aydan Şükürova (10 yaş, hər ikisi Bakı) və Fidan Bayramova (12 yaş, Balakən) qalib adını qazanıblar. Ümumilikdə “C” qrupunun qalibi naxçıvanlı zəka sahibi Seyid Hüseyn olub.

“B” qrupunda əvvəlcə beynəlxalq əmsalı 0-1749 olan idmançılar mükafatlandırılıb. Bu nominasiyada Babək şahmatçısı Hatəm Kətanov qalib olub. Əmsalı 1750-1999 olan şahmatçıların mübarizəsində isə Biləsuvar təmsilçisi Xəzər Babazadə hamını qabaqlayıb. Gəncə şahmatçısı Amil Abbasov 7,5 xalla “B” qrupunu lider kimi başa vurub və baş mükafatı qazanıb. Digər iki pillədə 7 xalla Çingiz Rzayev (Quba) və Rəşad Zeynallı (Bakı) qərarlaşıblar.

Sonra yarışda yaxşı nəticə göstərmiş ən kiçikyaşlı şahmatçı və ən yaxşı qadın zəka sahibi mükafatlandırılıb.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş şahmat festivalının “A” qrupunun qalibi ukraynalı beynəlxalq usta Valeri Qrinev olub. O, 7 xalla bütün rəqiblərini qabaqlayıb. 6,5 xal toplayan belçikalı qrossmeyster Vadim Malaxatko və azərbaycanlı beynəlxalq usta Misrətdin İsgəndərov ikinci və üçüncü pillələri bölüşüblər. Ümumilikdə, “A” qrupunda 12 zəka sahibi mükafatlandırılıb. Beynəlxalq festivalın qalibi Valeri Qrinevə kuboku və mükafatı Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərov təqdim edib.

Sonda çıxış edən federasiyanın sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş şahmat festivalının keçirilməsinin artıq ənənə halını aldığını bildirib və zəka sahiblərini növbəti ildə də keçiriləcək beynəlxalq şahmat festivalına dəvət edib.

Bununla da, “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalı başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.