REGİONLAR
Naxçıvan Beynəlxalq Hava Limanının xidmətlərindən 37 mindən çox sərnişin istifadə edib
Naxçıvan, 10 avqust, AZƏRTAC
Ötən ay Naxçıvan Beynəlxalq Hava Limanında yerli hava xətti ilə 36 min 433 sərnişin, 544 min 715 kiloqram baqaj, 29 min 137 kiloqram yük və 1881 kiloqram poçt, beynəlxalq hava xətti ilə isə Naxçıvan-Moskva reysi üzrə 558 sərnişin, 9062 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 444 sərnişin və 5467 kiloqram baqaj daşınıb.
Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə Naxçıvan Beynəlxalq Hava Limanında teleskopik traplara, nəzarət-müşahidə kameralarına və kompüterlərə texniki baxış keçirilib, aerodrom ərazisindəki elektrik, işıqlandırma, rabitə, soyutma və havalandırma sistemlərinə texniki qulluq göstərilib, uçuş-enmə zolağı, dönmə yolları və dayanacaqlar mütəmadi yoxlanılıb, uçuşların vaxtında və təhlükəsiz təşkili təmin edilib.
Qeyd edək ki, aparılan quruculuq işlərindən sonra Naxçıvan Beynəlxalq Hava Limanında sərnişin dövriyyəsi artıb və xidmətin səviyyəsi yüksəlib. Muxtar respublikada turizmin inkişafı da gələn qonaqların və hava nəqliyyatından istifadə edənlərin sayının artmasına səbəb olub.