REGİONLAR


Naxçıvan Biznes Mərkəzində ikigünlük seminar təşkil olunub

Naxçıvan, 17 iyun, AZƏRTAC

“Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətində sahibkarlığa yeni başlamaq istəyənlər üçün ikigünlük seminar təşkil olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Mircavid Tağızadə seminar iştirakçılarına sahibkarlıq anlayışı və onun iqtisadi mahiyyəti haqqında ətraflı məlumat verib.

Seminarda Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Həsən Məmmədovun “Menecment fəaliyyəti, onun mahiyyəti və məzmunu”, “Naxçıvan” Universitetinin müəllimi Şahnaz Məmmədovanın “Sahibkarlıq sferasında marketinq strategiyaları”, Sahibkarlığa Kömək Fondunun əməkdaşı İsa Novruzovun “Sahibkarlıq fəaliyyətində dövlət maliyyə dəstəyinin rolu” mövzularında çıxışları olub.

Qeyd edilib ki, müasir dövrdə sahibkarlıq fəaliyyəti dedikdə, təsərrüfat subyektlərinin mənfəət və ya şəxsi gəlir əldə etmək məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti əsasında, qanunvericiliklə qadağan edilməyən təsərrüfat fəaliyyətinin bütün növləri üzrə həyata keçirdikləri təşəbbüskarlıq fəaliyyəti nəzərdə tutulur. Sahibkarlıq iqtisadi kateqoriya olmaqla bazar subyektləri arasındakı çoxsahəli iqtisadi münasibətləri özündə əks etdirir. Eyni zamanda səmərəli təsərrüfatçılıq tipidir. Belə ki, sahibkar daha çox mənfəət əldə etmək üçün elmi-texniki tərəqqinin yeniliklərindən, mütərəqqi əmək üsullarından və sairdən istifadə edərək özünün iqtisadi fəaliyyətini daha səmərəli həyata keçirməyə çalışır. Sahibkarlıq həm də mütərəqqi iqtisadi təfəkkür tələb edir. Bu cür təfəkkürə malik sahibkar dövrün tələbatına uyğun məhsul və xidmətlər istehsal edir, daha mütərəqqi üsullarla xidmət göstərir, ictimai həyatın müxtəlif sahələrində ciddi qənaət rejiminə riayət edir, ətraf mühitin qorunmasına çalışır. Sahibkarlıq fəaliyyətinin zəruri şərti iqtisadi azadlığın olmasıdır. Sahibkar mülkiyyətindəki kapital resurslarından istifadə edərək, məhsul və xidmətlər istehsal etmək və sairə kimi iqtisadi fəaliyyət göstərməkdə müstəqildir. Digər tərəfdən sahibkarlıq subyektləri cəmiyyət, digər sahibkar, işçilər qarşısında müəyyən məsuliyyət daşıyırlar.

Bildirilib ki, menecment bazar münasibətləri şəraitində müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təşkilini və onun müstəqil həyata keçirilməsini əhatə edir. Menecment daha az maddi, əmək və maliyyə ehtiyatlarından istifadə edərək, səmərəliliyi yüksəltmək və mənfəəti artırmaq məqsədilə həyata keçirilən idarəetmə fəaliyyəti ilə əlaqədar peşədir. Bu peşə idarəetmə fəaliyyəti ilə bağlı bütün funksiyaların, metodların, prinsiplərin, strategiyaların və formaların məcmusudur. Başqa sözlə, menecment bazar və bazar münasibətləri şəraitində idarəetmə deməkdir.

Tədbirdə sahibkarlığa yeni başlamaq istəyənlərin diqqətinə çatdırılıb ki, bazar münasibətlərinin inkişafı və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası alıcılar bazarının yaranmasına və satış bazarları uğrunda rəqabət mübarizəsinin kəskinləşməsinə səbəb olub. Belə bir şəraitdə yalnız bazarın, istehlakçıların tələbatını, davranışını və alış motivini öyrənən və onlara uyğun məhsul istehsal edən və onun satışını yüksək effektlə həyata keçirən müəssisələr bazarda rəqabət üstünlüyü əldə edə və uğur qazana bilir. Buna isə istehsal-satış fəaliyyətini müasir marketinq prinsipləri əsasında təşkil edən müəssisələr nail ola bilər.

Seminarda İqtisadiyyat Nazirliyinin regionun inkişafı və dövlət proqramları sektorunun müdiri Elxan Sultanov slaydlar vasitəsilə müxtəlif layihələri təqdim edib.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.