REGİONLAR
Naxçıvan-Culfa magistral yolundan Babək qəsəbəsi istiqamətində uzanan avtomobil yolunun asfalt örtüyü yenidən qurulur
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Babək Rayon İdarəsinin inşaatçıları qəsəbəyə daxil olan və Heydər Əliyev prospekti ilə birləşən avtomobil yolunun genişləndirilməsi istiqamətində işləri davam etdirirlər.
Həmin ərazidə 20 metrədək genişləndirilən yolun hər iki tərəfində piyadaların gediş-gəlişini təmin etmək üçün piyada səkiləri salınır, vətəndaşlara məxsus həyət evlərinin yol kənarı boyu divarları yenidən tikilir, giriş qapıları yenilənir, tikilən mühafizə divarlarında suvaq və üzləmə işləri aparılır. Eyni zamanda, rayonun Qoşadizə kəndi ərazisindən keçən hissəsində yol yatağı genişləndirilir, torpaqbərkitmə işləri aparılır.
Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 27-də Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad - Babək qəsəbə -Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, rayonda 31 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad - Babək qəsəbə - Nehrəm - Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq beş milyon manat ayrılması nəzərdə tutulub.
Adıçəkilən yaşayış məntəqələrini birləşdirən dairəvi avtomobil yolunun müasir standartlara uyğun şəkildə yenidən qurulması Babək rayonunun yol infrastrukturunun inkişaf etdirilməsində mühüm rol oynayacaq.