REGİONLAR
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri konsert proqramı ilə çıxış edib
Naxçıvan, 30 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Möminə xatın türbəsinin qarşısında istirahət konserti olub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri konsert proqramı ilə tədbir iştirakçılarına xoş ovqat bəxş edib.
Naxçıvan Dövlət Filarmoniyası Estrada Orkestrinin solistləri İlkin Abdullayevin, Əli Davudinin, Nərmin Hüseynovanın ifalarında Azərbaycan bəstəkarlarının populyar estrada mahnıları səsləndirilib. Solistlərin ifasında səslənən Tofiq Quliyevin, Vasif Adıgözəlovun, Niyazinin, Xəyyam Mirzəzadənin, Ramiz Mirişlinin və başqalarının estrada mahnıları alqışlarla qarşılanıb.
Kollektivin tanınmış solistlərindən Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfov, Gülyanaq Fərzəliyeva və Mübariz Əsgərovun, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Yaşar Qurbanov və Azər Cəfərlinin ifa etdikləri estrada və xalq mahnıları tamaşaçılarda xoş əhval-ruhiyyə yaradıb. Onların ifasında səslənən Rauf Hacıyevin “Sevgilim”, Tofiq Quliyevin “Mən oldum”, Niyazinin “Arzu”, Xəyyam Mirzəzadənin “Yadındamı” estrada mahnıları alqışlarla qarşılanıb.
Konsertdə estrada mahnıları ilə bərabər, Azərbaycan bəstəkarlarından Eldar Mansurovun, dünya musiqisinin böyük sənətkarları İohann Ştrauss, Frans Şubert və başqalarının marş, vals, caz, tanqo, rəqs musiqi janrında yazdığı melodiyalar da səsləndirilib.
Naxçıvan şəhərindəki Möminə xatın türbəsi qarşısında təşkil olunan konsert proqramına vətəndaşlarımızla bərabər, xarici qonaqlar da baxıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il yanvarın 10-da imzaladığı Sərəncam ilə yaradılan bu musiqi kollektivi qısa vaxtda estrada həvəskarlarının rəğbətini qazanıb. Kollektiv rəngarəng repertuarı ilə ictimaiyyət qarşısında müntəzəm çıxış etməkdədir. Orkestrin bədii rəhbəri Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Nizami Məmmədovdur.