REGİONLAR
Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin hesabat konserti olub
Naxçıvan, 18 noyabr, AZƏRTAC
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin hesabat xarakterli konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə Azərbaycan Respublikasının Əməkdar Artisti Tural Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Azər Cəfərli, Yaşar Qurbanov, Elçin Nağıyev, solistlərdən Nərmin Hüseynova, Qəribə Həsənova, İlkin Abdullayev və Əli Davudi Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər, lirik melodiyalar, xarici ölkə bəstəkarlarının musiqiləri səsləndirilib.
Səid Rüstəmovun “Hardasan”, Fikrət Əmirovun “Reyhan”, Tofiq Quliyevin “Sevgi valsı”, “Lirik nəğmə”, Ramiz Mirişlinin “Bir xumar baxışla”, Emin Sabitoğlunun “Ötən günlərim” mahnıları alqışlarla qarşılanıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılması haqqında” 2012-ci il yanvarın 10-da imzaladığı Sərəncam muxtar respublikada musiqi mədəniyyətimizin inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri istedadlı gənclərin yaradıcılıq potensialına əsaslanaraq qısa vaxt ərzində təşkil olunub və öz konsertləri ilə tamaşaçı rəğbətini qazanıb.
Yaxın aylarda yaradılmasının 7 ili tamam olacaq Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestri muxtar respublikanın mədəni həyatında fəal iştirak edir.