REGİONLAR
Naxçıvan Dövlət Kukla Teatrı növbəti mövsümü başa vurub
Naxçıvan, 18 avqust, AZƏRTAC
Naxçıvan Dövlət Kukla Teatrı 27-ci mövsümünü başa vurub.
AZƏRTAC xəbər verir ki, bu mövsümdə kollektiv müxtəlif dövlət tədbirlərində, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən Novruz bayramı şənliyində 3 tamaşa ilə çıxış edib, uşaqların rəğbətini qazanıb.
Naxçıvan Dövlət Kukla Teatrının bədii rəhbər-direktoru, Azərbaycan Respublikasının Xalq Artisti Yasəmən Ramazanova bu ilin ilk altı ayı ərzində görülən işlər barədə məlumat verərək bildirib ki, teatrda hər şənbə günü balacalar üçün tamaşalar nümayiş etdirilib. Bundan başqa, kollektivin Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, hərbi hissələrdə də çıxışları olub. Təhsildə fərqlənən şagirdlər və aztəminatlı ailələrin uşaqları üçün Ağbulaq İstirahət Mərkəzində tamaşalar göstərilib.
Hazırda Zaur Vedilinin “Şahzadə Bəndalı” əsəri üzərində işləyən kollektiv ilin sonunadək “Kitabi-Dədə Qorqud” dastanından “Dirsə xan oğlu Buğac” boyunu hazırlayıb tamaşaçıların ixtiyarına verəcək.