REGİONLAR
Naxçıvan Dövlət Tarix Muzeyində “Kitabi-Dədə Qorqud” dastanlarına həsr olunmuş “dəyirmi masa”
Naxçıvan, 7 oktyabr, AZƏRTAC
Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan şəhərindəki mədəniyyət müəssisələrinin nümayəndələrinin, “Naxçıvan” Universitetinin tələbələrinin, Naxçıvan şəhərindəki tam orta məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş “dəyirmi masa” keçirilib.
“Naxçıvan” Universitetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə mövzuya həsr olunmuş sərgiyə baxıblar.
“Dəyirmi masa”nı Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Nizami Rəhimov açaraq bildirib ki, dövlətimizin başçısı İlham Əliyev 2015-ci il fevralın 20-də “Kitabi-Dədə Qorqud”un alman dilinə ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixli Sərəncamı ilə təsdiq edilib. Tədbirlər planında “Naxçıvanda Dədə Qorqud” adlı beynəlxalq elmi simpozium da daxil olmaqla, silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.
“Dəyirmi masa”da mövzu ətrafında “Naxçıvan” Universitetinin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyeva, Naxçıvan Dövlət Tarix Muzeyinin bələdçisi Sevinc Səbzəliyeva, Naxçıvan Qızlar Liseyinin müəllimi Gülşən Ağayeva, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin müəllimi Şəhla Talıbova “Kitabi-Dədə Qorqud” dastanlarının yaranma tarixindən, onun adının əbədiləşdirilməsindən, dünya ictimaiyyətinə çatdırılmasından, dastanların qədim Naxçıvan ilə sıx bağlılığından və onun gənc nəslin milli mənəvi tərbiyəsindəki rolundan danışıblar.
Çıxışlarda vurğulanıb ki, görkəmli dövlət xadimi Heydər Əliyev “Kitabi-Dədə Qorqud”un dünya miqyasında təbliği və Azərbaycanda adının əbədiləşdirilməsi istiqamətində tarixi addımlar atıb, mühüm tədbirlər həyata keçirib. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamı Azərbaycanda yeni qorqudşünaslıq dalğasının yaranmasına səbəb olub.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.